"İXTİYARLARI ÖZ ƏLLƏRİNDƏ DEYİL"
Tarix: 26-04-2013, 08:59 |
Çap et
"Azərbaycanda uzun müddət fəaliyyət göstərən siyasi qüvvələrin bəzilərinin ixtiyarları öz əllərində deyil".
Bu sözləri Milli.Az-a açıqlamasında Ədalət Partiyasının aparat rəhbəri Mütəllim Rəhimli bildirib.
Partiya rəsmisi hesab edir ki, elə bu səbəbdəndir ki, bəzən müxalif partiyaları bir araya gətirmək ideyası iflasa uğrayır. O, "Milli Şura" və müxalifəti bir araya gətiməyə yönələn başqa bu kimi ideyaların uğurlu olacağına inanmır.
"Bəzən bir-birinə zidd qüvvələrin bir təşkilatda birləşməsi elə həmin təşkilatda müəyyən gərginliklər yaradır. Misal üçün, Müsavat və AXCP qüvvələrin hansısa yeni birliyə cəlb olunması həmin birliyi gücləndirmir. Bu partiyalar İctimai Palatanın özündə belə çox gərgin münasibətlərdədirlər. Prezident seçkilərində onların biri digərinə güzəştə getmək istəmir", - o əlavə edib.
M.Rəhimli müxalifətin birliyini mümkünsüz edən başqa bir cəhəti də qeyd edib.
Çox vaxt şəxsi maraqlar ictimai maraqları üstələyir. Partiya rəhbərliyində təmsil olunan insanlar öz şəxsi maraqlarını ictimai maraqlar kimi təqdim edirlər. Bu faktorun nəticəsidir ki, müxalifətin birliyi heç vaxt alınmır.
"Milli Şura və digər bu cür birlik formatları özünü və ictimaiyyəti aldatmaqdan başqa heç nəyə xidmət eləmir", - M.Rəhimli vurğulayıb.