YAP-DAN "FREEDOM HOUSE"A CAVAB
Tarix: 2-05-2013, 12:47 |
Çap et
"ÖMRÜ BOYU QƏRƏZLİ MÖVQEDƏ OLUB"“Freedom House ömrü boyu Azərbayacana qarşı qərəzli mövqedə olub. Onların hesabatları heç bir reallığa, mənbəyə əsaslanmır”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Freedom House” beynəlxalq təşkilatının Azərbaycanla bağlı yeni hesabata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təşkilat bununla Azərbaycana təsir etmək istəyir: “Onların yazdıqları bizim üçün əhəmiyyətsizdir. “Freedom House” QHT-dir. Bir QHT yalnız öz ölkəsində fəaliyyət göstərə bilər. Azərbaycan 20 ildir ki, müstəqildir. Bu 20 il ərzində təşkilat Azərbaycana qarşı həmişə qərəz nümayiş etdirib. Siyasi, iqtisadi durum baxımından Azərbaycandan qat-qat aşağıda olan ölkələr haqqında heç belə məlumatlar yaymırlar. Bəzi müxalif media qurumlarının və jurnalistlərin yazdıqlarına əsaslanıb belə mövqe nümayiş etdirirlər. Bu təşkilatla Azərbaycan heç bir əməkdaşlıq edə bilməz”.
Qeyd edək ki, “Freedom House” un yenio hesabatında Azərbaycan 82 balla “azad olmayan ölkələr” cərgəsindədir. Bakı əvvəlki göstəriciləri ilə müqayisədə 2 bal geriləyib. Hesabatın müəllifi Karin Karlikarın sözlərinə görə, bu, Azərbaycanda jurnalistlərə qarşı təzyiqlərin artması və informasiyanın əldə edilməsi ilə bağlı qanunvericilikdə edilən düzəlişlərlə bağlıdır.