İSMƏT ABBASOVUN ÖZƏL BİLGİLƏRİ NECƏ TİRAJLANDI?
Tarix: 14-05-2013, 10:47 |
Çap et
KTN ŞEFİ BAŞ VERƏNLƏRLƏ BAĞLI HƏYƏCAN TƏBİLİ ÇALDI: SIRADA KİM VAR?
DİA.AZ: - Hakimiyyətin nəzərdə tutduğu kadr islahatlarının əsas hədəflərindən biri olan kənd təsərrüfatı naziri İsmət Abbasovla bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub. Hökumət içindəki mötəbər mənbələrdən DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, İsmət Abbasov özünə qarşı aparılan kampaniyanın arxasında birbaşa olaraq kimlərin dayanmasını sübutlayan dəlillərini hakimiyyətin üst düzəyinə çatdırıb.
Mənbənin söylədikləri: «İsmət Abbasovun əlində konkret sübutlar var və həmin dəlillərdən də aydın olur ki, nazirə qarşı aparılan mətbuat kampaniya birbaşa olaraq Prezident Administrasiyasından qaynaqlanır və hətta nazir haqqında mətbuata ötürülən «məhrəm informasiyalar» da məhz PA tərəfindən tərtib olunub».
Mənbəmizin sözlərinə görə, PA-nın nüfuzlu şəxslərindən birinin müxalifət mətbuatı vasitəsilə yayımladığı materialların əksəriyyətinin «cəmiyyət üçün əldə edilməsi mümkün olmayan informasiyalar» adlandıran nazir hətta özəl bilgilərinin ictimailəşdirilməsi səbəbindən hakimiyyət daxilində həyəcan təbilinin çalınması vaxtının da yetişdiyini «yuxarılara» təqdim etdiyi materiallarla yanaşı, vurğulayıb:
«İsmət Abbasov «yuxarılara» yazdığı məktubunda bildirib ki, bu gün onun özəl bilgilərini ictimailəşdirənlərin ertəsi gün hansı «vacib informasiyaları» paylaşacağını təxmin etmək çətin deyil».
Xatırladaq ki, bu arada PA rəhbəri Ramiz Mehdiyevin qarşılıqlı kompromatlar hesabına vəzifə başında qalması barədə də xəbərlər yayılmışdı. İndi isə İsmət Abbasovun nədən həyəcan keçirdiyi anlaşılandır. Yəni ilk açıq qurbanlardan biri odur. Sıradakı kim olacaq - bunu zaman göstərəcək…