AMİP MİLLİ ŞURAYA QOŞULURMU?
Tarix: 22-05-2013, 10:48 |
Çap et
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə Milli Şura arasındakı təmaslar hələlik qeyri-rəsmi xarakter daşıyır.
Bu fikirləri SalamNews-a partiyanın Mərkəzi Şurasının üzvü Əli Oruclu deyib.
O, təmsil etdiyi partiyanın Milli Şuraya qoşulma mümkünlüyünə münasibət bildirərkən söyləyib ki, hələlik qarşı tərəfdən partiyaya bununla bağlı rəsmi müraciət daxil olmadığından indidən konkret fikir söyləmək çətindir: “Amma AMİP hər zaman müxalifətin birliyi və inteqrasiyası istiqamətində göstərilən bütün pozitiv təşəbbüsləri dəstəkləyib. Partiyamızın əsas fəaliyyət istiqamətlərindən biri də məhz müxalifətin vahid güc halında formalaşmasına nail olmaqdır. Yəqin ki, belə məsələlər partiyadaxili müzakirələrdən sonra yekun qərar səlahiyyətli kollegial qurumlar tərəfindən veriləcək. Lakin, bu, heç də o demək deyil ki, AMİP Demokratik Qüvvələrin Məşvərət Məclisindən çıxacaq. Müxalifətdaxili yeni konfiqurasiyaların, yeni variantların bir məqsədi var, o da ölkədə demokratik və hüquqi cəmiyyətin qurulmasına nail olmaq, mövcud siyasi sisemi daha müasir, daha sivil sistemlə əvəzləməkdir. DQMM-in də hədəflərində bunlar durduğunda prinsipial fərqlər yoxdur.”