QAZAX RAYONUNDA HAKİMİYYƏTİÇİ SAVAŞ HÖKM SÜRÜR
Tarix: 22-05-2013, 11:14 |
Çap et
BAŞÇI İLƏ BİRİNCİ MÜAVİN RAYONU HEÇ CÜR BÖLÜB-BÖLÜŞDÜRƏ BİLMİRLƏR
DİA.AZ: - Bir sıra rayonlarda icra başçıları ilə icra başçısının birinci müavinləri arasında ciddi problemin olması barədə və bunun səbəblərilə əlaqədar yetərincə bilgilər vermişik. Belə ki, birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və yaxud da hansısa digər PA yetkilisinə bağlı olan birinci müavinlərin təyinatı məsələsində də başçıların səlahiyyətsiz olması bu gərginliklər üçün əlavə stimul rolunu oynamaqdadır.
Qeyd edək ki, belə bir gərginlik ocağının Salyanda hökm sürməsi barədə hələ xeyli əvvəldən məlumat vermişdik. Və hətta rayonun icra başçısın Tahir Kərimovun öz birinci müavininə qarşı mətbuatda kampaniyanı maliyyələşdirməsi haqda da səhih informasiyalar yayılmışdı. Doğrudur, indi sözügedən istiqamətdə nisbi sakitlik olsa da, Tahir Kərimovun hələ də birinci müavinini zərərsizləşdirə bilməsi üçün doğru zamanını gözlədiyi söylənilir.
DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, belə bir münaqişə ocaqlarından biri də Qazax rayonundadır. Belə ki, rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovla birinci müavin Sərman Nağdəliyev arasında ciddi problemin olduğu söylənilir.
Bu barədə danışan mənbə iddia edir ki, hətta tərəflər arasındakı rəqabət «yuxarılar» üçün də ciddi problem yaratmaqdadır ki, bu da nəticədə onların ikisindən birinin vəzifəsindən alınacağını qarantii edir.
Mənbəyə görə, başçı ilə birinci müavinin əsas davası rayona ayrılan büdcə pulları uğrundadır. Eyni zamanda ayrı-ayrı vəzifələrə kadrların təyin edilməsində də birinci müavin öz maraqlarının təminatına çalışdığından Ayaz Əsgərovla dəfələrlə sözü çəp gəlib.