MURADVERDİYEVİN SƏHHƏTİNDƏ PROBLEM YARANIB
Tarix: 25-07-2013, 11:17 |
Çap et
ONUN SAĞLIQ DURUMU İLƏ ƏLAQƏDAR YAXINLARI NARAHATÇILIQ KEÇİRİR
DİA.AZ: - Prezidentin İcra Aparatının keçmiş işlər idarəsinin müdiri Akif Muradverdiyevin səhhətində problem yaranıb. Bu barədə DİA.AZ-a Muradverdiyevə yaxın qaynaqlar tərəfindən informasiya ötürülüb. Mənbə iddia edir ki, onun durumu kritikdir və hətta əsəbləri pozulduğundan bir neçə dəfə təcili yardım da çağrılmalı olub.
Xatırladaq ki, Muradverdiyev Akif Şəmsəddin oğlu 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.
Həmin tarixdə Akif Muradverdiyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
DİA.AZ-a daxil olan son informasiyalara görə, Akif Muradverdiyevin sağlıq durumundan əndişəli olan yaxınları bununla bağlı MTN rəhbərliyinə müraciətə hazırlaşırlar.