ELŞAD ABDULLAYEV BU DƏFƏ MƏRDANOVU «VURUR»
Tarix: 26-07-2013, 16:02 |
Çap et
KEÇMİŞ REKTORLA BAĞLI ANONS
DİA.AZ: - Az əvvəl «Facebook» sosial şəbəkəsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yeni video yayacağı haqda anonslar yayılıb.
DİA.AZ-ın bildirdiyinə görə, «Facebook»da yayılan məlumatda iddia edilir ki, Elşad Abdullayev bu dəfə keçmiş təhsil naziri Misir Mərdanovu hədəfinə çevirib və onunla arasındakı pul bazarlığını ictimailəşdirməyə çalışır.
Əslində Elşad Abdullayevin Misir Mərdanovla pul bazarlığına getməsi faktı ilə bağlı informasiyalar hələ xeyli əvvəldən cəmiyyətə bəlli olsa da, bu məsələdə keçmiş ABU rektorunun özünün də rüşvətverən kimi məsuliyyətə cəlb olunma ehtimalları yüksək olduğundan Elşad Abdullayev bu barədə susmağa üstünlük vermişdi.
Görünür, az əvvəl təhsil naziri Mikayıl Cabbarovun ABU-nun saxta diplomları və həmçinin ABU-da təhsil almış tələbələrin sənədləri ilə bağlı baş prokurorluğa müraciət etməsi faktı Elşad Abdullayevi qəzəbləndirdiyindən indi də o, Misir Mərdanovu hədəfə çevirmək istəyir.
DİA.AZ-ın əldə etdiyi məlumatlara görə, zamanında Misir Mərdanovla ABU-nun lisenziyasının bərpası üçün bir sıra danışıqlar aparan Elşad Abdullayev hətta keçmiş nazirə qızının toyu günündə 500 min manatlıq ev belə hədiyyə edib.
Çox güman Elşad Abdullayevin yaymağa hazırlaşdığı videoda da bu məqamlar yer alacaq. Lakin hüquq-mühafizə orqanları üçün bu video həm də Elşad Abdullayevin özünün hədəfə çevrilməsi üçün mühüm sənəd rolunu oynaya bilər.