SURİYAYA DAHA BİR AZƏRBAYCANLI DƏSTƏSİ GÖNDƏRİLİB
Tarix: 21-08-2013, 15:36 |
Çap et
BU ŞƏBƏKƏ GƏNCLƏRİMİZİ MƏHV EDİR
DİA.AZ: - Azərbaycandan Suriyada döyüşənlərin kimliyindən hər kəs xəbərdardır. Qeyd edək ki, özlərini israrla «sələfi» adlandıran bu təriqət üzvləri cəmiyyətdə vəhabi kimi tanınır. Və bu gün Qarabağ kimi əsl cihad ünvanını unudub, basa-basa, hansısa maraq naminə Bəşər Əsədə qarşı savaşan yüzlərlə azərbaycanlının mövcudluğu faktı əslində dövlətimizin dini sahə ilə bağlı vahid yanaşmamasının olmamasından, həmçinin bu istiqamətdə yetərincə özfəaliyyət meyillərinin mövcudluğundan xəbər verməkdədir.
Elə buna görədir ki, bu gün hələ də vəhabi şəbəkəsinin toruna salınan gənclərimiz üçün yanlış hədəflər göstərilir. Bu barədə DİA.AZ-ın elektron ünvanına göndərilən məlumatdan aydın olur ki, bu günlərdə Suriyada döyüşmələri üçün daha bir qrup azərbaycanlı gənc yola salınıb.
Mənbə iddia edir ki, onlar əvvəlcə İrana keçiblər və oradan da Əfqanıstana getmələri nəzərdə tutulub: «Əfqanıstanda təlim keçdikdən sonra onların Suriyaya göndərilməsi nəzərdə tutulub. Amma elələri var ki, Əfqanıstanda və yaxud da Pakistanda vəhabilərə qoşulub, qalır».
Mənbəmiz iddia edir ki, bu sahədə dövlətin daha çox seyrçi kimi qalması «vəhabiləri Küveytdən pul alan məmurlar himayə edir» həqiqətini daha da möhkəmlədir: «Hər halda, dövlət marağını kimlərinsə ucuz ambisiyalarına qurban vermək olmaz».