MƏTBUAT ŞURASI TƏƏSSÜFLƏNİR
Tarix: 12-01-2012, 13:20 |
Çap et
ƏFLATUN AMAŞOV YAYIM SAHƏSİNDƏKİ PROBLEMDƏN DANIŞIB
Azərbaycan Mətbuat Şurası qəzetlərin əl yayımı və köşklərdə satışı ilə bağlı problemin həll olunmamasını təəssüflə qeyd edir.
Məlumata görə, Mətbuat Şurasının ötən ilin yekunlarına dair iclasında Şuranın sədri Əflatun Amaşov bildirib ki, bu sahədə problem hələ həllini tapmayıb.
Onun sözlərinə görə, problemin həllinin iki yolu var. Bunlardan biri Bakı şəhər Səyyar Ticarət Şöbəsi ilə müqavilə bağlayıb lisenziya almaq, ya da "vahid pəncərə" sistemi yaratmaqdır.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə çıxışında deyib ki, Bakı şəhər İcra Hakimiyyəti qəzetlərin əl yayımı və köşklərdə satışına mane olur. Bunun nəticəsində qəzet köşklərinin sayı azalıb, ya da onların yeri dəyişdirilib.
"Təəssüf ki, bu məsələni ötən il həll edə bilmədik", - Sadıqov deyib.
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli isə çıxışında qəzetlərin yayımı ilə bağlı ayrı bir qurumun yaradılmasını təklif etdiklərini bildirib.
"Lakin bəzi qəzetlər bununla razılaşmadı", - Səfərli əlavə edib.
Qeyd edək ki, Mətbuat Şurası qəzetlərin satışı ilə bağlı yaranan problemin həlli üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.