Rəhbər həbs olundu, müavini meydan sulayır... - «Azərpoçt»da «Tank» ləqəbli məmur kimidir?
Tarix: 17-11-2015, 09:44 |
Çap et
Bir müddət əvvəl rəhbəri həbs olunan «Azərpoçt» MMC-də qəribə vəziyyət yaranıb. Qəmbər Bəybalayevin tutulmasından sonra səlahiyyətlərə sahib olmuş müavini Sübhan Kazımovla kollektiv arasında ciddi narazılıq yaranıb.
JAM.AZ-a verilən məlumata görə, baş nazirin birinci müavini Əli Əhmədovun bacısı oğlu olan sözügedən şəxs bütün işləri ilə davranışlarında daha çox aqressiya nümayiş etdirir. Hətta onunla toqquşmuş istənilən işçinin aqibətinin yaxşı olmadığı da deyilir.
Bildirilir ki, Sübhan Kazımov elə bu səbəbdən «Tank» ləqəbini alıb. JAM.AZ-a verilən məlumata görə, «Azərpoçt»un bütün işləri «Tank»la üzləşməsin deyə, maksimum ondan uzaq gəzirlər.
Kazımov isə dayısına güvənərək, istədiyi şəkildə hərəkət edir. Onun hələ Qəmbər Bəybalayevin vaxtında da eyni qaydada addımlar atdığı vurğulanır. Üstəlik, MMC-də baş vermiş əksər neqativ hallarda daha çox adı hallanır. İddia olunur ki, Sübhan Kazımovla Qəmbər Bəybalayevin bir sıra ciddi maxinasiyaları olub. Və həmin maxinasiyalar sayəsində dövlətə heç də az olmayan məbləğdə zərərlər dəyib.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.