GÖYÇAYIN İCRA BAŞÇISI QEYBƏ ÇƏKİLİB...
Tarix: 20-12-2013, 11:34 |
Çap et
Göyçayın icra başçısı Mənsur Məmmədovun rayondan qaçdığı və 20 gündən çoxdur ki, geriyə dönmədiyi deyilir. JAM.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb.
Həmin məlumatlarda deyilir ki, noyabr ayında Göyçayda vəziyyətin gərgin olması və hadisələrin heç də yaxşı məcraya getmədiyi barədə icra başçısına məlumat verilib. İddia edilir ki, hətta Mənsur Məmmədova xəbərdarlıq da edilib ki, bu şəkildə davam edərsə, Göyçayda da Quba hadisələri təkrarlana bilər. Bundan sonra da icra başçısı rayonu tərk edərək, istefa ərizəsini dövlət başçısına təqdim edib.
Əslən Göyçaydan olan hüquq müdafiəçisi Vidadi İsgəndərli də bu məlumatı təsdiqləyib. O bildirib ki, hələ noyabrın 30-da 15 sutkalıq həbsdə olarkən bu barədə ona polislər məlumat veriblər. «Onlar mənə dedilər ki, rayonda bayramdır. Çünki Mənsur Məmmədov qaçıb. Səhər polislər isə «razvod»da sevindiklərindən bir-birlərini qucaqlayıb, öpürmüşlər. Hətta KPZ-də mənə qonaqlıq da verdilər».
Göyçayın icra başçısı Mənsur Məmmədovun harada olması ilə bağlı İcra Hakimiyyəti ilə əlaqə saxladıqda, bizə sürüşkən cavab verdilər. Bildirdilər ki, icra başçısı hazırda məzuniyyətdədir, amma onun nə zaman geri dönəcəyindən xəbərləri yoxdur.