“DÜKANA GİRƏNDƏ UTANDIĞIMDAN 35 ALIRAM”
Tarix: 29-02-2012, 12:25 |
Çap et
BU DƏFƏ ESTRADA MAHNILARINA ÜSTÜNLÜK VERDİ
Dünən Opera və Balet Teatrında populyar müğənni Xatirə İslamın solo konserti olub.
Biz də öz yeni ənənəmizə sadiq qalaraq konsertdən öncə keçdik müğənninin qrim otağına. Fotokameramıza tuş gələn Xatirə bir az təlaşlı görünürdü. Saçları hələ tam hazır olmayan müğənni elə qrim otağında jurnalistlərə müsahibə verirdi. Gözümüzdən qaçmayan məqam Xatirənin zinət əşyaları oldu. Müğənni sırğasının bir tayını itirmişdi. Ani olaraq bunun fərqinə varanda isə anladı ki, zinət əşyası qırılıb. Elə müsahibə verdiyi zaman yerdən sırğasını tapan müğənni zarafatyana ona göz dəydiyini dedi.
Qrim otağında çox qala bilməsək də, daha bir məqamın şahidi olduq. Gözəl ayaqqabıların vurğunu olan müğənninin ayağının ölçüsü bir çoxlarını şoka saldı. Ayağının ölçüsü 34 olan Xatirə utandığını dilə gətirdi: "Ayağım tam 34 ölçüdədir. Amma dükana girəndə utandığımdan 35 alıram. Kimə 34 deyirəm, inanmır. Uşaq ayağıdır axı. Neyləyim, belədir də".
Məlumata görə, Xatirə bu dəfə estrada mahnılarına üstünlük vermişdi. O, ötən illərin hit mahnıları ilə yanaşı, yeni mahnılar da ifa etdi.
Konsert başlar-başlamaz gözlənilmədən işıq söndü və səs itdi. Nəticədə konsert bir qədər gec başlandı.
Tam dolmuş zalda qonaqlar arasında məşhur şəxslərə rast gəlinmədi. Bu da Xatirənin həmkarlarına dəvətnamələr paylamaması ilə bağlı idi.
Xatirə ilə səhnəni repçi Elşad Xose və meyxanaçı Vahid Qədim də bölüşdülər.
X.İslamın ifalarından biri rəqqasə Fatimənin rəqsilə də müşayiət olundu.