İSGƏNDƏR HƏMİDOV BOZ QURDLARI BİRLƏŞDİRİR
Tarix: 5-10-2011, 13:31 |
Çap et
ONUN YENİDƏN PARTİYASINA SAHİBLƏNMƏSİ GÖZLƏNİLİR
DİA.AZ: - Keçmiş daxili işlər naziri, Boz Qurd Partiyasının sabiq sədri İsgəndər Həmidov yenidən siyasətə qayıdır. Bu barədə «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) sabiq nazirin yaxınları məlumat verib.
Mənbə bildirir ki, İsgəndər Həmidov əslində siyasi proseslərdə iştirakdan həm kifayət qədər çirkli mənzərənin olması və həm də sağlığında problemlərin yaşaması səbəbindən uzaqlaşmışdı: «İsgəndər Həmidov son 3 ay ərzində ciddi şəkildə istirahət edib və paralel olaraq müalicəsini davam etdirib. Hər halda, uzun illərin məhbəs həyatı onun səhhətinə təsir etməli idi. İndi artıq elə bir ciddi problem qalmayıb».
Mənbə bildirir ki, İsgəndər Həmidov yenidən köhnə partiyasının - hazırda Tufan Kərimin rəhbərlik etdiyi Milli Demokrat Partiyasıın sədri postuna qayıda bilər.
Onu da xatırladaq ki, bu günlərdə həmin partiyadan müəyyən bir qrup ayrılaraq yeni təşkilatlarını yaratdılar. Lakin buna baxmayaraq, yeni qrupun hansısa formada ciddi fəaliyyəti müşahidə olunmur.
Mənbənin sözlərinə görə, yeni qrupun özündə də parçalanma olduğundan və onları birləşdirəcək yeganə şəxsin məhz İsgəndər Həmidovun olması səbəbindən artıq keçmiş nazirə kifayət qədər təkliflər edilib: «Əslində, İsgəndər bəyə nə zamandır geri dönməsi üçün müraciətlər olunur. İndi isə artıq vaxt yetişib. İsgəndər Həmidov parçalanmış partiyasını birləşdirməyi və rəhbərliyi ələ almağı düşünür».