Obama Ermənistanla yanaşı, Türkiyəni də narazı salıb
Tarix: 23-04-2016, 09:31 |
Çap et
ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadisələrindən bəhs edərkən növbəti dəfə “böyük fəlakət” ifadəsindən istifadə etməsini rəsmi Ankara etirazla qarşılayıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Barak Obamanın çıxışı kəskin tənqid edilib:
“ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadisələri barədə aprelin 22-də verdiyi açıqlama I Dünya müharibəsi şərtlərində baş vermiş kədərli hadisələrin, bir tərəfin verdiyi məlumatlar əsasında dəyərləndirilməsinin yeni nümunəsidir. Dost və müttəfiq ölkələrin bu çağırışa dəstək vermək əvəzinə münaqişəni daha da böyütməyə çalışanlara cəsarət verməsi təəssüf doğurur”.
Bəyanatda, siyasi mənfəət əldə etmək üçün verilən bu açıqlamanın tarixdə baş vermiş hər iki tərəfin sıxıntılarına da hörmətsizlik olduğu vurğulanıb: “Hər il müəyyən tarixlərdə üçüncü ölkələrin tutacaqları siyasi mövqedən mənfəət əldə etməyə çalışanlar, dostluq və sülh ümidinə zərbə vurmaqla kifayətlənməyərək o tarixdə baş vermiş müştərək sıxıntılara da hörmətsizlik edirlər. Bu çərçivədə rəsmi Vaşinqtonu tarixi həqiqətləri ədalətli bir yaddaşla dəyərləndirərək bütün tərəflərin kədərlərini nəzərə alan, bitərəf, sağlam düşüncəli və kosstruktiv bir yanaşma tərzi mənimsəməyə dəvət edirik”.