“Bir ay əvvəl Suriyada ABŞ və Rusiya arasında şiddətli toqquşma olub"
Tarix: 19-04-2018, 08:15 |
Çap et
“Rusiyaya qarşı məndən sərt yanaşan yoxdur”.
APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Donald Tramp ABŞ-da səfərdə olan Yaponiyanın baş naziri Şinzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
O, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu söyləyib.
D.Tramp həmçinin bildirib ki, bir ay əvvəl Suriyada ABŞ və Rusiya hərbçiləri arasında şiddətli toqquşma baş verib. “Bu çox kədərlidir. O döyüşdə bir çox insan həlak olub", deyə D.Tramp əlavə edib. ABŞ prezidenti hadisənin detallarını açıqlamayıb.
Fevralın ortalarında Amerika mətbuatında Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hökumət qüvvələrinə endirdiyi zərbələr nəticəsində xeyli sayda rusiyalı hərbçinin həlak olması barədə məlumatlar yayılıb. O zaman ABŞ-ın müdafiə naziri Ceyms Mettis hadisə barədə məlumatlı olmadığını bildirib.
Rusiya XİN toqquşmalar nəticəsində Rusiya və MDB ölkələrinin vətəndaşlarının öldüyü və yaralandığını təsdiqləsə də, aralarında hərbçilərin olduğunu təkzib edib.