Əfqanıstan Moskva danışıqlarına qatılacaq
Tarix: 6-11-2018, 09:14 |
Çap et
Əfqanıstan bu ay Rusiyada keçiriləcək beynəlxalq sülh danışıqlarına nümayəndə heyəti göndərir.
Moskvada danışıqlar noyabrın 9-da keçiriləcək.
Bu arada Birləşmiş Ştatlar da Əfqanıstanda 17 ildir davam edən müharibəni bitirməkdən ötrü Taliban qruplaşmasını Kabillə danışıqlara cəlb etməyə çalışır.
Silahlılarla barışıq cəhdlərinə Əfqanıstanın Ali Sülh Şurası rəhbərlik edir. Qurum noyabrın 5-də bildirib ki, Moskvadakı toplantıya dörd təmsilçi göndərəcək.
Ancaq ölkənin Xarici İşlər Nazirliyi Rusiyadakı konfransa nümayəndə heyəti göndərib-göndərməyəcəyini açıqlamayıb. Nazirliyin sözçüsü Sebaghtullah Ahmadi deyib ki, Rusiya rəsmiləri ilə hələ də danışıqlar aparılır. “Əfqanıstanın rəhbərlik etdiyi istənilən sülh cəhdini alqışlayırıq”, – o bildirib.
Rusiya XİN noyabrın 3-də iddia etmişdi ki, həm Əfqanıstan Prezidenti Ashraf Ghani, həm də Qətərdəki Taliban görüşə nümayəndə heyətləri göndərəcək.
Talibanın sözçüsü Zabiullah Mujahid-in deməsinə görə, silahlı qruplaşma hələ də Moskvaya gedib-getməməyi götür-qoy edir.