ABŞ Fətullah Gülənin ekstradisiya ediləcəyinə dair məlumatlara aydınlıq gətirib
Tarix: 16-11-2018, 11:10 |
Çap et
ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nouert, rəsmi Vaşinqtonun FETÖ terror təşkilatının lideri Fəthullah Gülənin Türkiyəyə təhvil vermək niyyətində olduğuna dair xəbərləri təkzib edib.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, "NBS Nyus" Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı qanuni yolların müəyyənləşdirilməsi üçün ABŞ Prezidenti Donald Trampın Federal Təhqiqatlar Bürosu (FTB), Ədliyyə və Daxili Təhlükəsizlik nazirliklərinə təlimat verdiyini iddia edib. Məlumatda bildirilir ki, Ağ Ev bununla jurnalist Camal Kaşıkçının öldürülməsi hadisəsi ilə əlaqədar Ankaranı yumuşaltmağa çalışır.
"Bu iki məsələnin bir-biri ilə əlaqəsi yoxdur", - Nouert bildirib.
Onun sözlərinə görə, ABŞ hələ FETÖ lideri ilə bağlı Türkiyənin verdiyi sübutların dəyərləndirilməsini yekunlaşdırmayıb.
"Bu mövzuda Türkiyədən çox tələb aldıq. ABŞ hələ də Fəthullah Gülənin ekstradisiyası ilə əlaqədar Türkiyədən təqdim edilən sübutları araşdırır. Bu proses tamamilə Ədliyyə Nazirliyinin səlahiyyətindədir", deyə o bildirib.