Hunt İrana danışıqlara gedir
Tarix: 19-11-2018, 09:16 |
Çap et
Britaniyanın Xarici işlər naziri Jeremy Hunt bu gün – noyabrın 19-da ilk dəfə olaraq İrana səfər edəcək, Tehranın dünya ölkələri ilə imzalamış olduğu nüvə sazişini müzakirə edəcək.
Birləşmiş Ştatlar nüvə sazişindən çıxandan ilk dəfədir Qərb ölkəsinin xarici işlər naziri Tehrana gedir. 2015-ci ildə imzalanmış saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.
Ötən həftə BMT-nin nüvə agentliyi İranın sazişin şərtlərinə əməl etdiyini bildirir. Qeyd edək ki, noyabrın 4-də Vaşinqtonun Tehranın neft sektoruna sanksiyalarının ikinci raundu qüvvəyə minib.
Səfərdən öncə verdiyi bəyanatda Hunt deyib ki, nüvə sazişi “Yaxın Şərqdə sabitliyin əsas komponentidir”, İran sazişə əməl etdikcə, Britaniya da ondan imtina etməyəcək.
Nazirin iranlı həmkarı Mohammad Javad Zarif-lə görüşəcəyi, Avropanın sazişi qüvvədə saxlamağa yönəlik cəhdlərini müzakirə edəcəyi gözlənir.