Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir
Tarix: 28-11-2018, 08:30 |
Çap et
Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, saat 08:00-da 3 703 seçki məntəqəsində səsvermə prosesinə başlanılıb.
Məntəqələrin 55-i xarici ölkələrdə açılıb, 11-i isə istisna hallar üçün yaradılmış seçki məntəqələridir.
Gürcüstanın xarici ölkələrdəki səfirliklərində yaradılmış seçki məntəqələrində səsvermə saat 24:00-dək davam edəcək. Gürcüstanın Azərbaycandakı səfirliyində üç seçki məntəqəsi açılıb.
Seçicilərin ümumi sayı 3 528 658 nəfər təşkil edir.
Prezident seçkilərini seçici subyektlərinin 17 000 nümayəndəsi, 48 500-dən çox yerli və 1300-dən çox beynəlxalq müşahidəçi izləyir. Səsvermə prosesini 2 300 jurnalist işıqlandırır.
Seçkilərdə iki namizəd hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparır. Oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda S.Zurabişvili 38,64%, Q. Vaşadze isə 37,74% səs toplayıb.
Qeyd edək ki, bugünkü seçkilər Gürcüstanın dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilərdir. Qonşu ölkənin yeni prezidenti 6 il müddətinə seçiləcək.