İranın yeni raket sınağını müzakirə edəcəklər
Tarix: 4-12-2018, 09:27 |
Çap et
BMT-nin Təhlükəsizlik Şurası qapalı toplantıda İranın son raket sınağını müzakirə edəcək. Birləşmiş Ştatlar və digər müttəfiqləri bu sınağın şuranın üç ildir qüvvədə olan qətnaməsini pozduğunu bildirirlər.
Dekabrın 4-də keçiriləcək görüş İranın raket proqramları sarıdan narahatlığın artdığı bir dönəmə təsadüf edir.
Fransa həftəsonu keçirilmiş sınağın “provokativ” olduğunu, “sabitsizlik” yaratdığını, BMT-nin 2231 saylı qətnaməsinə uyğun gəlmədiyini bildirib. Həmin qətnamə 2015-ci ildə Tehran Qərb ölkələri arasında nüvə sazişinin bir hissəsi kimi qəbul olunub.
Britaniyanın Xarici işlər naziri Jeremy Hunt deyib ki, sınaq “provokativ və təhdidedicidir”, qətnaməyə uyğun gəlmir və London “bunun dayandırılması olması” qənaətindədir.
İran raket proqramının müdafiə xarakterli olduğunu, nüvə raketləri arsenalını artırmaq niyyəti güdmədiyini bildirir.
Dekabrın 3-də ABŞ-ın İran üzrə xüsusi elçisi Brian Hook Avropa Birliyini İrana yeni sanksiyalar tətbiq etməyə çağırıb, proqramı “ağır və artan təhdid” adlandırıb.
ABŞ Dövlət katibi Mike Pompeo daha öncə demişdi ki, sınaqdan çıxarılmış ballistik raket çoxsaylı nüvə başlıqları daşımaq və Avropa və Yaxın Şərqin bəzi hissələrini vurmaq gücünə malikdir.
Birləşmiş Ştatlar mayda İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb, Tehrana iqtisadi sanksiyaların bərpa olunduğunu açıqlayıb. Bu addım Vaşinqtonun Avropa müttəfiqlərini qəzəbləndirib.