Tereza Mey parlamentə "Brexit"i təxirə salmağı təklif edib
Tarix: 27-02-2019, 08:20 |
Çap et
Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentin İcmalar Palatasında çıxışı zamanı ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı hadisələrin inkişaf ssenarisini təqdim edib.
“Report” BBC-yə istinadən xəbər verir ki, onlardan biri çıxış tarixinin dəyişdirilməsinə gətirib çıxara bilər:
1. Tereza Mey martın 12-də ölkənin Aİ-dən çıxış şərtləri ilə bağlı sazişin yeni variantını səsverməyə çıxaracaq.
2. Əgər parlamentarilər onu dəstəkləməsələr, Mey 13 Martda onlara Brüssel ilə saziş olmadan Aİ-dən çıxmağın lehinə və ya əleyhinə səsvermə imkanı təklif edəcək. Deputatlar bu variantı dəstəkləyəcəkləri təqdirdə, ölkə martın 29-da Aİ-ni tərk edəcək.
3. Əgər parlamentarilər sazişsiz çıxma ssenarisini dəstəkləməsələr, Mey martın 14-də çıxış tarixinin başqa vaxta təxirə salınması variantını səsverməyə çıxaracaq.
Baş nazir qeyd edib ki, o özü tarixin dəyişdirilməsini istəmir:
"Biz fikrimizi maksimum olaraq Brüssel ilə razılığa gəlməyə və martın 29-də Aİ-ni tərk etməyə cəmləşdirməliyik".
Mey ardınca əlavə edib ki, əgər təxirəsalma ssenarisi seçilərsə, Aİ-dən çıxmaq iyunun sonundan gec olmamaq şərti ilə ertələnəcək və bir daha tarixdəyişmə olmayacaq.