Makron NATO-nun “koma”da, Avropanın isə “uçurumun kənarında” olduğunu bildirib
Tarix: 8-11-2019, 08:37 |
Çap et
Fransa Prezidenti Emmanuel Makron NATO-nun ABŞ və müttəfiqləri, xüsusən də Türkiyə arasında strateji qərarlar qəbul edə bilməməsi səbəbindən “koma”da olduğunu bildirib.
APA INTERFAX-a istinadla xəbər verir ki, Fransa prezidenti bu barədə İngiltərənin “The Economist” jurnalına müsahibəsində bildirib.
Nəşrin yazdığına görə, Makron qeyd edib ki, ilk növbədə NATO-nun strateji hədəflərinin nədən ibarət olduğunu aydınlaşdırmaq lazımdır.
Fransa prezidenti Avropanın "uçurumun kənarında" olduğunu və yenidən Avropa ölkələrinin müdafiə imkanlarını "inkişaf etdirməyin" tərəfdarı olduğunu söyləyib.
Makron oktyabr ayında Suriyanın şimal-şərqində Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatları və bu fonda baş verən hadisələri Qərbin və NATO-nun səhvi kimi dəyərləndirib.
Qeyd edək ki, həmin ay Estoniya Baş Nazirinin səlahiyyətlərini icra edən və daxili işlər naziri Mart Helme də ABŞ qoşunlarının Suriyadan çıxarılmasını və Suriyanın şimal-şərqində Türkiyənin hərbi əməliyyatlara başlamasını NATO-nu iflic etdiyini söyləmişdi.