Çin ABŞ diplomatlarına məhdudiyyət tətbiq edib
Tarix: 6-12-2019, 16:03 |
Çap et
Çin hökuməti ölkədəki ABŞ diplomatlarına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib.
“Report” “Straits Times”ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq oktyabr ayında ABŞ hökumətinin Çin diplomatlarına qarşı məhdudlaşdırıcı tədbir tətbiq etməsinə əks tədbirlər gördüklərinə dair çərşənbə günü ABŞ səfirliyini xəbərdar etdiklərini açıqlayıb.
Belə ki, amerikalı diplomatlar bundan belə yerli rəsmi şəxslərlə hər hansı görüş keçirməzdən 5 iş günü əvvəl bu barədə XİN-ə bildirməlidir.
“Bir daha ABŞ tərəfini buraxdıqları səhvlərini düzəltməyə və münasib qaydalara əməl etməyə çağırırıq”, - deyə XİN rəsmisi brifinq zamanı bildirib.
ABŞ-ın Çindəki səfirliyi məsələni şərh etməyib.
Qeyd edək ki, oktyabr ayında ABŞ hökuməti Çin diplomatlarından amerikalı diplomatlarla, yerli və ya bələdiyyə rəsmilərilə hər hansı görüşləri, koleclərə və tədqiqat mərkəzlərinə səfərləri barədə bəri başdan Dövlət Departamentinə bildirmələrini tələb etmişdi.
İki ölkə arasında diplomatlara dair qarşılıqlı məhdudiyyətlər insan hüquqlarına dair ziddiyyətlərlə bağlı ortaya çıxıb. Belə ki, ötən həftə ABŞ prezidenti Donald Tramp Honkonqdakı etiraz aksiyalarının dəstəklənməsinə dair qanun layihəsini imzalayıb. Ötən gün isə ABŞ-ın Nümayəndələr Palatasında uyğurların və s. müsəlman azlıqlarının hüquqlarının pozulması ilə bağlı çinli rəsmilərə qarşı sanksiya tətbiq etməyi nəzərdə tutan qanun böyük səs çoxluğu ilə qəbul edilib.