İsrailin "ən yaxşı müdafiə hücumdur" DƏST-XƏTTİ... - NƏ BAŞ VERİR?
Tarix: 20-09-2024, 07:58 |
Çap et
Həmas lideri İsmayıl Haniyənin öldürülməsindən sonra “İsrailin “şimal cəbhəsini” açacağı, Qəzzada HƏMAS-ın qalıqları ilə döyüşlərin davam edəcəyi, lakin ordunun əsas qüvvələrinin şimala – Livanda Hizbullahla müharibəyə cəlb olunacağı” haqda yazmışdıq.
İsrail rəsmi şəkildə Hizbullaha qarşı müharibənin yeni mərhələsinin başlandığını elan edib. Həmasdan daha mütəşəkkil qüvvə olan Hizbullahı tamamilə neytrallaşdırmaq çətin olacaq, lakin İsrailin cari dövrdə iki hədəfi var:
- Şimal sərhədlərində təhlükəsizliyi təmin etmək və müharibəyə görə evlərini tərk edənləri geri qaytarmaq;
- İranı birbaşa, yaxud ən azı Hizbullah üzərindən regional müharibəyə cəlb etmək, Tehranın Qərblə normallaşma prosesinə imkan verməmək;
Müharibənin hansı ssenari üzrə davam edəcəyini proqnozlaşdırmaq mübahisəlidir, çünki Qəzzada hələ də döyüşən İsrail üçün Hizbullahla qarşıdurma asan olmayacaq, İran-Hizbullah cəbhəsi də aktiv döyüşlərdə maraqlı deyil. Lakin Hizbullaha məxsus peycer və rabitə cihazlarının (telsizlər) sıradan çıxarılması İsrailin Livana qoşun yeritməsi və qruplaşma ilə mövqe döyüşü aparması ssenarisini istisna etmir. Peycer və rabitə cihazlarının sıradan çıxması mümkün toqquşmada Hizbullah qruplaşması daxilindəki koordinasiyanı poza bilər. İstisna deyil ki, bu, İsrail ordusunun müdaxilə planının tərkib hissəsidir.
Asif Nərimanlı - Dia-az.İnfo