"İş də tapa bilmir, “yararsızsan” deyirlər, ancaq ona pensiya da təyin olunmur..." - Sahil Babayevin NƏZƏRİNƏ!
Tarix: 28-07-2021, 09:24 | Çap et
“Oğlum hərbi xidmətdə olanda əlindən snayperlə vurublar. Barmağının biri yoxdur, digər ikisinin sinirləri çıxarılıb, yararsızdır. Elə yararsız adı ilə də hərbidən təxris olunub. İş də tapa bilmir, “yararsızsan”, – deyirlər. Ancaq ona pensiya təyin olunmur”.
Ucarın Qaradağlı kəndinin sakini Qorxmaz Həsənov belə deyir. Bildirir ki, oğlu Oruc Həsənov 2017-ci ildə hərbi xidmətdə olub. Füzulidə, cəbhə bölgəsində xidmət edib. Gecə postda olduğu vaxt vurulub:
“Deyirlər ki, əslində başı nişan alınıb, ancaq həmin vaxt anidən çevrildiyi üçün güllə əlinə tuş gəlib. Beləliklə, sol əlinin kiçik barmağı amputasiya olunub. Dördüncü barmağı üzülüb, işləmir. Ümumiyyətlə, əli tam açılmır, hansısa bir əşyanı tuta bilmir. Sənədləri var, baxanda gözlə də görünür. Uşaq əmək qabiliyyətini itirib, ancaq ona əlillik dərəcəsi təyin etmək istəmirlər”.
Oruc Həsənovun sol əlinin kiçik barmağı amputasiya olunub
Ata bildirir ki, oğlunun bütün sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə göndərilib. Ancaq həmin idarə heç bir araşdırma aparmadan oğluna əlillik dərəcəsi təyin olunmasından imtina edib. Cavabda “müalicəyə ehtiyacı var”, – yazılıb. Qorxmaz Həsənov bununla razılaşmır, cavabı “yalan, saxta və qanunsuz”, – hesab edir:
“Deyək ki, müalicə olundu, həqiqətən ehtiyacı var. Bununla onun amputasiya olunmuş barmağı geri gələcək, yaxud digər fəaliyyətsiz, siniri çıxarılmış barmağı sağalacaq? Bu, dünyada analoqu olmayan biabırçılıqdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin rəhbərliyi edib”.
Qorxmaz Həsənov bildirir ki, əsgərlikdə zədə alıb, yararsız hala düşməklə bağlı oğluna 7 min sığorta pulu ödənməlidir. Onun 2 mini ödənib, ancaq qalanı bu günədək verilmir. Deyirlər ki, əlillik alınsa, veriləcək, yoxsa, yox. Əlillik də verilmir:
Xəstəlik haqqında şəhadətnamə
“Bu uşaq yararlıydısa, niyə əsgərlikdən tərxis olunurdu? Özü də hadisə başına əsgərliyinin 10-cu ayında gəlmişdi. Çoxu getmişdi, azı qalmışdı. Yazıq uşaq hadisə zamanı da özünü itirməyib. Düşən barmağını cibinə qoyub ki, bərpa etsinlər, ancaq edə bilməyiblər. Görürsüz, kimsə əlil qalmaq istəməz. Əli də parça-parça imiş. Papaninə çatdırıblar, orada əlini yarıb, sümük çıxarıb, əlinin üstünə tikiblər. Amma yenə də əl əmələ gəlməyib”.
Oruc Həsənovun hazırda işi kənddə sahələri sulamaq, yer belləməkdir. Anası deyir ki, bunu görərkən çox əziyyət çəkir. Normal işinin olmasını o da istəyir, ancaq hara gedir, işə götürmürlər:
““Yararsızsan” – deyib, yola salırlar. Eyni zamanda, dövlət də pensiya təyin etmir ki, düşmür. Biz anlaya bilmirik, necə olur, adam həm yararsız olur, həm də pensiya düşmür? Arzusu idi, hərbçi olmaq istəyirdi, ona da götürmədilər. Hərbi biletində də “hərbiyə yararsız” yazıblar. Bir müsibət idi başımıza gəldi. Şükür, ölməyib, sağdır, ancaq dərddən, fikirdən pis vəziyyətə düşüb”.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının təqdim etdiyi Çıxarış Epikrizi
Qorxmaz Həsənov deyir ki, Ucar Rayon Mərkəzi Xəstəxanasına getməkdən yorulublar. Hər dəfə gedir, əlillik üçün sənədlər toplanır, göndərilir:
“Cavab gəlir ki, müalicəyə ehtiyacı var. Olmayan bir şeyin nəyini müalicə etməlidirlər? Uşağın barmağının biri yoxdur, biri işləmir, sallanır, sinirsizdir. Qalan əlinin də yarısı işlək deyil. Bunu nə qədər müalicə et, nə çarəsi? Biləyində güc yoxdur, psixoloji durumu ağırdır. Özünü lazımsız, gərəksiz hiss edir. O gün görürəm oturub pillləkəndə, fikirlidir. Deyirəm, nə olub? Deyir: “Məni heç yerə işə götürmürlər, deyirlər, “yararsızsan”. Bəs mən həyatımı necə quracağam? İcazə verin gedim Bakıya. Bəlkə məni fəhlə kimi işə götürərlər”. Ağladı, ürəyim ağrıdı, icazə verdik, getdi”.
Ata deyir ki, heç olmasa yararsız kimi əlillik dərəcəsi versələr, aldığı pensiya ilə konturunu, siqaretini ödəyər. Yoxsa, dolanmaq çətindir:
“Vallah, biz də kasıb adamıq, çatdıra bilmirik. Nəsə bir cuzi də olsa, kömək etsinlər, yazıqdır. Zülüm-zülüm ağlayır, əli şişib olub nə boyda. Düşünmürlər bu uşaq nə ilə dolanmalıdır? Sonuncu döyüşdə də qardaşı getdi, bunu aparmadılar ki, yararsızsan. 23 yaşı var, bu vəziyyəti ona ağırdır, dözmür”.
Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, əlilliyin təyini onların işi deyil:
“Biz ekspert komissiyasından keçirmişik, rəy yazmışıq. Son qərarı nazirlik verir. Hər şey elektron şəkildə göndərilir, rəylər əlavə olunur. Yəni əlillik təyin edilmirsə, bizlik heç nə yoxdur”.
Ombudsman aparat rəhbərinin müavinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məktubu
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsindən isə bildirilib ki, vətəndaş əlillik dərəcəsinə görə qeydiyyatda olduğu ərazidəki poliklinika və ya xəstəxanaya müraciət etməlidir. Onun vəziyyəti ilə bağlı baş həkim forma 88 adlı sənədi doldurmalıdır:
“Sonra həmin sənəd sistemə vurulur. Elektron qaydada göndərilir, sonra incələnir. Sənəddə xəstənin durumu ilə bağlı yazılanlar qiymətləndirilir və bunun əsasında əlillik təyin edilir. Sonda əlillik düşürsə, yaxud müalicəyə ehtiyac varsa, ümumiyyətlə, cavab hər nə olursa olsun, bu barədə vətəndaşın elektron ünvanına və ya telefonuna mesaj göndərilir. Proseslər hamısı şəffaf şəkildə aparılır”.
Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavabı
Qorxmaz Həsənov isə deyir ki, 2017-ci ildə Allah oğlu Orucu onlara yenidən verib, amma bu dəfə travmalı, həyatdan küsmüş vəziyyətdə. Onu bu durumdan çıxarmaq üçünsə əllərindən heç nə gəlmir.
Meydan TV
|