“Səhhətim imkan versə, təkrar seçkilərdə iştirak edəcəm” – Araz Əlizadə
Tarix: 19-02-2020, 12:31 |
Çap et
“35-ci dairədən namizəd olmuş İqbal Ağazadə başa düşməlidir ki, seçicilər onu qəbul etmirlər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında 9 fevral növbədənkənar parlament seçkiləri çərçivəsində 35 saylı Xətai Üçüncü Seçki Dairəsi üzrə nəticələrin ləğv olunmasına münasibət bildirən Milli Məclisin sabiq üzvü Araz Əlizadə deyib.
Araz Əlizadə seçki prosesində iştirak etmədiyi üçün həmin dairədə səsvermənin necə keçirilməsinə şərh verməkdən yayınıb:
“Mərkəzi Seçki Komissiyası 35-ci dairədə nəticələri ləğv edib. MSK-nın bu qərarına şərh vermək fikrim yoxdur. Çünki seçki prosesində iştirak etməmişəm, yemədiyim xörəyin dadından danışmıram.
Bu haqda yalnız bir söz deyə bilərəm, 35-ci dairədən namizəd olmuş İqbal Ağazadə başa düşməlidir ki, seçicilər onu qəbul etmirlər.
O ki qaldı mənim yenidən namizədliyimi irəli sürməyimə, əgər səhhətim imkan versə, təkrar seçkilərdə iştirak edəcəm”.
Qeyd edək ki, Araz Əlizadə 2015-ci il parlament seçkilərində 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputat seçilmişdi.