İlqar Məmmədov 234 mini nə vaxt alacaq?
Tarix: 5-05-2020, 09:35 |
Çap et
Ali Məhkəmənin plenum iclası REAL sədri İlqar Məmmədov və Rəsul Cəfərov barəsində bəraət hökmü çıxarıb. İlqar Məmmədov 234 min, Rəsul Cəfərov isə 57 min manat mənəvi təzminat alacaqlar.
Musavat.com xəbər verir ki, icra haqqında qanuna əsasən hər iki şəxs kompensasiyanı qərar çıxarılandan ən gec 3 ay müddətinə ala biləcəklər.
Vəkil Anar Məmişov bildirib ki, kompensasiya Maliyyə Nazirliyi tərəfindən ödəniləcək. Onun sözlərinə görə, İcra haqqında qanuna əsasən 3 ay müddətinə bu qərar icra olunmalıdır.
Rəsul Cəfərovun vəkili Fariz Namazlı da Musavat.com-a bildirib ki, Ali Məhkəmənin Plenumunun qərarının qüvvəyə minmə tarixi yoxdur: “Qərar çıxan kimi qüvvəyə minir və aidiyyətı üzrə Maliyyə Nazirliyinə göndərilir. Qərarda icranın vaxtı göstərilmir. Maliyyə Nazirliyi nə vaxt istəsə, ödəyəcək”.
Xatırladaq ki, İlqar Məmmədov 2013-cü ildə baş verən İsmayıllı hadisələrinə görə həbs edilmişdi.
İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov isə 2014-cü ildə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunaraq həbs edilmişdi. 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Rəsul Cəfərov 4 il sonra əfvlə azadlığa buraxılıb. Onun həbsinin qanunsuz olması ilə bağlı Avropa Məhkəməsi qərar çıxarıb. Bundan sonra Ali Məhkəmənin plenum iclası onun barəsində də bəraət hökmü çıxarıb.