XƏSTƏLİK ŞOU-BİZNESƏ QARŞI
Tarix: 18-10-2011, 13:11 |
Çap et
TANINMIŞ MÜĞƏNNİ XƏRÇƏNGƏ YAXALANDI
Türkiyənin məşhur müğənnisi, pop musiqisinin mahir ifaçısı Nilüfər döş xərçənginə yaxalanıb. Müayinə vaxtı müğənnidə döş xərçənginin ilkin mərhələsi olduğunu müəyyənləşdirən həkimi Meral Demirəl Nilüfər üçün sürətli əməliyyat proqramı hazırlayıb. Məlumata görə, qarşıdakı günlərdə müğənni əməliyyat olunacaq və bundan sonra onun xərçəng əleyhinə müalicəsi davam edəcək.
Qeyd edək ki, xəstəliyini öyrəndikdən sonra əhval-ruhiyyəsi yerində olan müğənni bu vəziyyətdən problemsiz çıxacağını deyib. Nilüfər həmçinin konsert proqramında olan dəyişikliklər barədə də bir neçə günə qədər məlumat yayacağını bildirib.
Xatırladaq ki, Türkiyənin şou-biznes dünyasında xərçəng xəstəliyinə tutulanların çoxaldığı müşahidə olunur. Belə ki, “Muhteşem yüzyıl”, “Bir bulud olsam”, “Yeddi təpə İstanbul” kimi serialların ssenari müəllifi və aktrisası Meral Okyay və “Güz sancısı”, “Hatırla sevgili”, “Gönülçelen” seriallarında rol oynayan aktrisa Tomris Giritlioğlunun ağciyər xərçənginə yaxalanması barədə xəbər yayılmışdı.
Bundan başqa, keçən həftə “Adını Feriha qoydum” serialının aktrisası Vahidə Gördümün də döş xərçəngi olması barədə xəbər mətbuatda yayılmışdı.
“Leyli və Məcnun” serialının rejissoru Onur Ünlü isə keçən həftə xərçəng xəstəliyi ilə əlaqədar əməliyyat olunub.