İcra hakimiyyətindəki əməliyyatın təfərrüatı - Daha kimlər həbs oluna bilər?
Tarix: 6-03-2021, 12:08 |
Çap et
Xəzər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatlarla bağlı yeni təfərrüatlar məlum olub.
dia-az.life HİT.Az-a istinadən xəbər verir ki, əməliyyat zamanı həbs edilən Tural Zeynalov qısa müddət ərzində topdağıtmaz varidata sahib olmaqla diqqətə gəlib.
Martın 3-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Xəzər Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Qurumun təsərrüfat şöbəsinin müdiri Tural Əli oğlu Zeynalov rüvşət alarkən həbs edilib.
Yeni məlumatlarda deyilir ki, Tural Zeynalov Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edildikdən sonra böyük varidat sahibinə çevrilib. O, qısa müddətdə “Audi-6”, “Niva” “Ford” markalı maşınlar alıb, hər bir maşına sonluğu 888-lə bitən nömrə nişanı da bağlatdırıb. Tural Zeynalovun rayon ərazisində ayrı-ayrı şəxslərin adına rəsmiləşən torpaq sahələrinə də sahibləndiyi bildirilir.
İddialara görə, əməliyyatın Xəzər rayonunda, xüsusilə dəniz sahili ərazilərdə torpaqların saxta sənədlər əsasında ələ keçirilməsində iştirak edən bütün vəzifəli şəxslərin həbsinə qədər uzanacağı bildirilir.
Tural Zeynalov rayondakı torpaq mafiyasının xırda üzvlərindən biridir. Vəzifəsinə görə o, qanunsuz yollarla, sənədlərin saxtalaşdırılması vasitəsi ilə ələ keçirilən torpaqlara, xüsusən “Türkan bulvarı” ərazisinə dair Xəzər İcra Hakimiyyətindən verilən plan-sxemlərə imza atıb. Buna görə alınan külli miqdarda rüşvətdən ona da pay çatıb.