Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri, general-polkovnik Səfər Mehdiyevin özünə və ailəsinə yaxın şirkətlər bağlanıb.
DİA.AZ bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq Səfər Mehdiyevin yaxınlarının adına olan şirkətlər də onların adından çıxarılaraq başqa şəxslərin adına keçirilib. Bəzi şirkətlərdə isə təhvil-təslim işləri aparılır.
Belə şirkətlərdən biri Səfər Mehdiyev tərəfindən yaradılmış "Vadi-4" MMC-dir. Bu şirkət gömrükdə xüsusi imtiyazlara sahib olub.
"Vadi-4" karqo daşımaçılıq şirkətidir. Bu karqo şirkəti məhsulları daha sürətlə gömrükdən keçirə bilib. "Vadi-4” çuvalları (bir çuvalda 70 bağlama olur) heç bir maneə olmadan daxili anbarlara çatdırır və bir gün sonra müştəriyə təhvil verirmiş.
MMC-nin qanuni təmsilçisi Cəfərov Nəsir Məhərrəm oğlu olub. Bu şəxs Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndinin sakini və generalın yaxın qohumudur.
Şirkət bir neçə gün əvvəl İsmayılov Məhərrəm Əbdülhüseyn oğlunun adına keçib.
Məsələ ilə bağlı "Vadi-4" MMC-nin sabiq təsisçisi, generalın yaxın qohumu Nəsir Cəfərov Qaynarinfo-ya açıqlama verərək bildirib ki, rəhbəri olduğu şirkəti artıq təhvil verib:
"Artıq "Vadi-4"-ün rəhbərliyindən getmişəm. Mən şirkətin fəaliyyətini dayandırdım və onun kimin adına keçməsindən xəbərsizəm. İndi şirkəti kimin idarə etdiyini bilmirəm. Mənlik bir şey yoxdur”.
Qeyd edək ki, bir müddət əvvəl Səfər Mehdiyevin idarə etdiyi avtomobilin yol polisi tərəfindən saxlanılmasını əks etdirən görüntülər yayılmışdı. 90-AA-978 dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen” markalı avtomobilin saxlanılması zamanı sabiq gömrük rəhbəri yol polisləri ilə kobud davranmış və həmin avtomobilin "Vadi-4” MMC adlı şirkətin üzərinə qeydiyyatda olduğu məlum olmuşdu.