Danimarka Ukraynanın Rusiya Federasiyası ilə münaqişəni davam etdirməsi üçün Kiyevə külli miqdarda pul ayıracaq. Danimarka bu məqsədlə Ukraynadakı hərbi zavodları maliyyələşdirməyə başlamaq niyyətindədir. Bu fikirlər "The Wall Street Journal"da dərc olunan məqalədəndir. Nəşr yazıb ki, krallıq 2025-ci ildə ən azı 1,4 milyard dollar cəlb etmək istəyir.
Qeyd olunub ki, Avropa İttifaqı ölkələri Ukraynanı kifayət qədər silahla təmin edə bilmir. Ona görə də maliyyə çatışmazlığı səbəbindən Ukrayna hakimiyyəti hərbi zavodlara əlavə vəsaitlər cəlb etməyə başlayır.
"Kiyev əvvəlcə müttəfiqlərinə şirkətlər və lazımi silah növləri haqqında məlumat göndərir. Aİ dövlətləri isə sövdələşmələrə razılıq verməzdən əvvəl istehsalçıları müstəqil şəkildə yoxlayır. Avropa rəsmilərinin fikrincə, məsələyə bu cür yanaşma Ukraynaya silahların Avropada istehsalını gözləməkdənsə, daha tez və böyük miqdarda əldə etmək imkanı verəcək”,- məqalədə yazılıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.