Komitə sədrləri arasındakı köhnə ədavət yenidən qızışıb - Hakim komanda onlardan biri ilə vidalaşacaq
Tarix: 13-05-2014, 14:54 |
Çap et
DİA.AZ: - Hakimiyyət daxilində daha bir qalmaqal yenidən alovlanıb. Söhbət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovla Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun arasındakı ədavətdən gedir.
Bununla bağlı DİA.AZ-ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, Kərəm Həsənovla bağlı son zamanlar mediada ilginc faktların işıqlandırılması, habelə ƏMDK-nin yerli təşkilatları barəsində konkret ittihamların yer aldığı məlumatların ictimailəşdirilməsi «yuxarıların» da diqqətini cəlb edib.
Mənbə dia-az.life-a bildirir ki, bununla bağlı ƏMDK tərəfindən araşdırma aparılmadan «yuxarılara» hesabat verilib ki, bəs mətbuatda kampaniya məqsədli şəkildə aparılır və bu işdə DTXK-nin iştirakı var.
Mənbənin söylədikləri: «Əslində Qərib Məmmədovla Kərəm Həsənovun arasında problem qalmışdı, sadəcə olaraq, tərəflər bir növ «atəşkəs elan etmişdilər». Amma görünəni odur ki, iqtidar daxilində müşahidə olunan qarışıqlıq konservləşdirilmiş intriqaların da yenidən cücərməsinə nədən olur».
Xəbəri verən qaynağın iddialarına görə, artıq Kərəm Həsənovla Qərib Məmmədov elə bir mərhələyə yetişiblər ki, onların ikisindən biri vəzifəsini itirməli olacaq: «Bu kimi hallarda hakimiyyətin «üst düzəyi» daha çox intriqaya meyilli tərəfi cəzalandırmaqla prosesi bitirir. Odur ki, aparılan araşdırmanın sonucu olaraq iki komitə sədrindən biri mütləq yola salınacaq».
Maraqlı tərəflərin də mövqelərini işıqlandırmağa hazırıq.