Qarabağda canlarını qoyanların HAQQINI YEYİRLƏR... - AXI NİYƏ?
Tarix: 5-03-2024, 08:57 |
Çap et
44 günlük İkinci Qarabağ Müharibəsində iştirak edən bir qrup qazi tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarını açıqlamayan, yalnız Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində xidmət etdiklərini bildirən şikayətçilər, onlara ödənilməli olan kompensasiyanın verilməməsinə etiraz edirlər:
“Bildirmək istəyirik ki, hələ də bizə təyin olunan kəşfiyyat və əks-kəşfiyyat subyekti kompensasiyasını ala bilmirik. Bununla bağlı Müdafiə Nazirliyinə ünvanladığımız müraciətə cavab olaraq bildirilir ki, sözügedən kompensasiya sizə şamil olunmur. Halbuki belə deyil, bu kompensasiyanı alan döyüşçü yoldaşlarımız var. Hansı ki, biz də onlarla birlikdə döyüş tapşırıqlarını yerinə yetirmişik. Sədəcə, kompensasiya alanlarla bizim fərqimiz odur ki, onların əlillik şəhadətnaməsi bizdən qabaq verilib”.
Şikayətçilər iddia edir ki, onlara verilməli olan kompensasiya bəzi məmurlar üçün “böyük göründüyündən”, sonradan həmin məbləği dayandırıblar: “Odur ki, hazırda 20 nəfərə yaxın qazi həmin kompensasiyadan yararlana bilmir. Müdafiə Nazirliyi və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bizə kömək etmir. Hər iki qurum şikayətimizə çox soyuq və məsuliyyətsiz yanaşır”.