Xəbər verdiyimiz kimi, daha bir tiktoker, "Eliş" ləqəbli Elsevər Nəbiyev saxlanılıb. Araşdırmalarla onun narkotik istifadəşisi olduğu müəyyənləşib.
Bundan əvvəl də qeyri-etik paylaşımlar edən bir neçə məşhur tiktoker həbs olunub. Məsələni kökündən həll etmək üçün Azərbaycanda “TikTok”un istifadəsi ilə bağlı sərt cəza tədbirləri görülə bilərmi? Ümumiyyətlə, bu platformanın bağlanması realdırmı?
Məsələ ilə bağlı TNS-ə açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, "TikTok"da vəziyyət çox acınacaqlı həddə çatıb.
Sosioloqun fikrincə, vəziyyət o həddə çatıb ki, “TikTok” administrasiyası özü son üç ayda Azərbaycan seqmentindəki bir milyona yaxın videonu silib: "Silinənlər ictimai standartlara, əxlaq qaydalarına tam zidd olan videolardır. Təsəvvür edin ki, bu qədər videonun silinməsinə rəğmən, yenə də milyonlarla belə paylaşım var. Getdikcə daha dəhşətlərini görürük. Deməli, bu sosial şəbəkədə tam anarxiya, özbaşınalıqdır. Açıq şəkildə bütün mənəvi dəyərlərimizə qarşı terror edilir. Uşaq tərbiyəsinin pozulması, fahişəliyin, ailələrin dağılmasının və narkotikin təbliği aparılır. Hətta dezinformasiyalar baş alıb gedir. Yalan məlumatlar, uşaqların tərbiyəsini pozan məlumatlar, ağlınıza nə pis şey gəlirsə, hamısı “TikTok”da var. Ən çox da Azərbaycan seqmentindədir. Yəni, dünyada ikinci belə bir ölkə yoxdur. Bir neçə dildə izləyirik, araşdırırıq. Başqa dilləri bilənlər də deyir ki, dünyanın başqa seqmentlərində biabırçılıqlar bu həddə deyil. Artıq vəziyyət elə bir həddədir ki, təcili müdaxilə olunmalıdır. Bir neçə dəfə iki-üç nəfəri cəzalandırdılar, vəziyyət bir az düzəlmişdi, amma yenə də cızığından çıxıb. Ona görə də mütləq şəkildə müvafiq qurumlar bu işlə məşğul olmalıdır, belə təbliğatlara qarşı çox sərt cəzalar tətbiq olunmalıdır. Həbsdən tutmuş, ağır cərimələr və kanalların bağlanmasına qədər...
Gözümüzün qabağında, açıq şəkildə milli təhlükəsizliyimizə ciddi zərər vurulur. Bu, terrordur, cinayətdir, dəhşətli bir qanun pozuntusudur".
Elçin Bayramlı qeyd edib ki, “TikTok” bir sosial şəbəkə kimi Azərbaycanda bağlanmırsa, çox ciddi cəzalandırma mexanizmi olmalıdır: "Artıq əlac yalnız dövlətin müdaxiləsinə qalıb. Cənab Prezident dəfələrlə açıq şəkildə bəyan edib ki, Azərbaycan gəncləri yalnız öz milli-mənəvi dəyərləri üzərində inkişaf edəcək, bu bazada formalaşacaq. Çox təəssüf ki, müvafiq dövlət orqanları tamamilə işləmirlər, bu sahədə heç bir tədbir görmürlər. Belə bir nəzarətsizlik, cəzasızlıq bizim xalqımıza, cəmiyyətimizə çox ağır, sağalmaz zərbələr vurur.
Əgər həqiqətən də biz cəmiyyəti qorumaq istəyiriksə, dövlət öz əsas funksiyalarından birini yerinə yetirmək istəyirsə, bunu etməlidir. Yox, bunu etməyəcəyiksə, cəmiyyət çox ağır, fəlakətli və faciəli bir vəziyyətə gələcək".