Azərbaycanda zaman-zaman seçki sisteminin dəyişdirilməsi təklif edilir. Belə ki, seçkini proporsional, yəni partiya siyahıları üzrə keçirilməsinin mümkünlüyü barədə tez-tez yerli mediada müzakirələr gedir. Lakin qonşu Gürcüstanda baş verən son olaylar bu sistemin riskli tərəflərinin də olduğunu göstərir.
Bəzi ekspertlər deyir ki, proporsional seçki sistemi həssas mərhələlərdə dövlətin dayaqlarını laxlatmaq, təsir etmək üçün hazır mexanizmdir. Ekspertlər Gürcüstanda baş verənlərə bu kontekstdən baxıb, dəyərləndirmə aparmağın vacibliyini qeyd edirlər.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, müstəqilliyini yeni qazanmış dövlətlərdə adətən iki məsələ önəmli olur:
“1. Demokratiya;
2. Sabitlik və təhlükəsizlik.
Bu iki məsələ arasında adətən bir seçim edilməli olur. Yəni yeni qurulan dövlət üçün hansı daha prioritetdir. Adətən sabitlik və təhlükəsizlik məsələləri daha vacib görülür və demokratiyanı üstələyir. Bu da təbiidir. Çünki təhlükəsizlik və sabitlik məsələləri dövlət institutlarının oturuşması məsələsi həll olunmayana qədər birdən-birə baş verə bilməz.
Demokratik idarəetməyə keçid adətən cəmiyyətdə düzgün anlaşılmır. Hətta bir çox hallarda anarxiya kimi qəbul edilir. Nəticə etibarilə isə demokratik idarəetmə, proporsional seçki modelinə keçid özünü doğrultmur.
Hesab edirəm, zaman keçdikcə, dövlətin institutları oturuşduqca, dövlət gücləndikcə artıq idarəetmə ilə bağlı məsələlər gündəmə gəlir. Bu elə məsələdir ki, daim və davamlı şəkildə yenilənir, təkmilləşir”.
Ekspert deyib ki, Azərbaycanın müstəqillik əldə etdiyi illərdə qəbul olunmuş konstitusiyada seçki sistemi proporsional və mojaritar olaraq nəzərdə tutulmuşdu:
“1995, 2000-ci illərdə parlament seçkilərində 25 faiz həddində proporsional seçki keçirildi. Sonrakı illərdə isə konstitusiya dəyişikliyinə görə sadəcə mojaritar seçkilər baş tutdu.
Ümumiyyətlə, dövlət inkişaf etdikcə, gücləndikcə kadrlara ehtiyac olur. Siyasi partiyalar isə dövlətlərin bu kadr ehtiyacını ödəyə bilər. Bu baxımdan partiyaların inkişafı vacib məsələlərdən biri olmalıdır. Partiyaların gücləndirilməsi yollarından biri seçkidir. Proporsional sistemə keçid faydalı ola bilər.
Təbii ki, bunun birdən-birə baş verməsinin tərəfdarı deyiləm. Tədricən bu sistemə uyğun parlament formalaşdırmaq olar”.