ABŞ Rusiyada “rəngli inqilab” etmək istəyir - Dövlət Duması
Tarix: 30-03-2018, 09:23 |
Çap et
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Dövlət Departamenti Rusiyada “rəngli inqilab” ssenarisini həyata keçirməyə çalışır.
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adalbi Şxaqoşev bildirib.
“ABŞ xüsusi xidmət orqanları öz köhnə vərdişlərini yeni şəraitdə nümayiş etdirir. MKİ və Dövlət Departamenti bu gün ölkəmizdə “rəngli inqilab” ssenarisini reallaşdırmağa çalışarkən 1990-cı illərin əvvəllərində Qafqazda tətbiq etdiyi dəsti-xətdən istifadə edir”, - deyə Şxaqoşev vurğulayıb.
Dövlət Dumasının üzvü hesab edir ki, 1990-cı ilin əvvəllərində ABŞ xüsusi xidmət orqanları Çeçenistanda olan terrorçulara informasiya və siyasi dəstək verməklə Rusiyada vəziyyəti gərginləşdirməyə cəhd edib: “20 ildən artıq müddətin keçməsinə baxmayaraq, bu çirkli dəsti-xətt açıq-aydın görünür. Bu, dəyişmir, yalnız texnologiyalar dəyişir. İndi isə sosial şəbəkələr aktiv şəkildə istifadə olunur”.
Daha əvvəl Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan etmişdi ki, Rusiya informasiya məkanında saxta xəbərlərin yayılmasında ABŞ xüsusi xidmət orqanlarının və ya Ukrayna hakimiyyətinin rolu ola bilər.