ABŞ Gürcüstanın planını alqışlayır
Tarix: 6-04-2018, 09:04 |
Çap et
Birləşmiş Ştatlar Gürcüstan hökumətinin bu həftə separatçı bölgələriylə bağlı irəli sürdüyü təkliflər paketini alqışladığını bildirir. Təkliflər Abxaziya və Cənubi Osetiya regionlarının sakinlərinin həyat şəraitini yaxşılaşdırmağı nəzərdə tutur.
Gürcüstanın baş naziri Giorgi Kvirikashvili aprelin 4-də “sülh təşəbbüsü”nü açıqlayıb. Plan separatçı regionlarda yaşayanlar üçün ticarət, səyahət, təhsil imkanlarının genişləndirilməsini əhatələyir.
Aprelin 4-də axşam verdiyi bəyanatda ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert bu tədbirləri alqışlayıb. Onun sözlərinə görə, bu plan “administrativ sərhəd xəttinin hər iki tərəfində yaşayan əsasən imkansız əhalinin ehtiyaclarının ödənməsinə yarım edəcək”.
Bu iki region 2008-ci ildə Gürcüstanla Rusiya arasında beş günlük müharibədən sonra Tbilisidən ayrıldığını elan edib.
Moskva onların müstəqilliyini tanıyır və hər iki regionda hərbçilər saxlayır. Ancaq Birləşmiş Ştatlar və digər ölkələr regionları Gürcüstanın hissəsi sayır.
Rusiya bu yaxınlarda həmin regionlarda hərbi təlimlər keçirib.