ABŞ-da Putin və Ərdoğanın Suriya ilə bağlı görüşünü ümidverici adlandırıblar
Tarix: 18-09-2018, 08:23 |
Çap et
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Suriyadakı vəziyyətlə bağlı keçirilən görüş ərəb respublikasındakı münaqişənin nizamlanması baxımından ümidvericidir.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Robert Eşli deyib.
"Prezident Ərdoğan və Putin arasında aparılan belə müzakirələr ümid verir", - deyə Amerika hərbi kəşfiyyatının rəhbəri Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı bildirib.
Suriyanın İdlib əyalətindəki vəziyyətdən danışan general, regionda "20-yə yaxın müxtəlif qrup və təşkilatlar" olduğundan onu "qaynayan qazan" adlandırıb.
Eyni zamanda Eşli ABŞ-ın mövqeyini təsdiq edərək bildirib ki, İdlibdə hərbi əməliyyatların aparılması uzunmüddətli perspektivdə yalnız dinc sakinlərin əziyyətlərini artıra bilərdi.
"Biz müxtəlif qruplar arasında sülh axtarışlarına dair dialoq, qarşılıqlı fəaliyyət görmək istərdik", - deyə o bildirib.