"Mənə çatası pensiya məbləğinin ödənişi həyata keçirilmir..." - Prezidentə müraciət olundu
Tarix: 21-10-2021, 08:37 |
Çap et
Yardımlı rayonu Bozayran kənd sakini, Qarabağ Müharibə Veteranı Sadiyev Ataş Sadi oğlu prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb. Sahil Babayevin rəhbəri olduğu nazirlik tərəfindən haqsızlığa və özbaşınalıqlara düçar olan şikayətçi aşağıdakıları yazıb :
“Hörmətli Prezident !
Bildirirəm ki, Qarabağ Müharibəsi Veteranı olmaqla 2-ci qrup əliləm. 2021-ci ilin may ayında əlillik müddəti başa çatdığından mənim pensiya təminatım dayandırılmışdır. Tibbi Sosial Ekspert Komissiyasına müraciətimdən sonra 09.07.2021-ci il tarixdə mənim 2-ci qrup əlilliyim yenidən bərpa edilmişdir. Sizin şəxsi təşəbbüsünüz və tapşırığınizla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün strukturlarının elektron qaydada xidmət göstərmələrinə baxmayaraq 04 sentyabr 2021 ci il tarixdə yazili ərizə ilə poçt şöbəsi vasitəsiylə ƏƏSM Nazirliyinə bir daha müraciət etmişəm. Mənim ərizəm DSMF yanında Xüsusi Şərtlərlə Təyinat idarəsinə vaxtında daxil olsa da bu günə qədər baxılmamış qalmış və nəticədə mənə çatası pensiya məbləğinin ödənişi həyata keçirilməmişdir.
Hörmətli Prezident ! Mən 6/altı/ aydır ki pensiya almıram. Səhətimlə əlaqədar heç bir yerdə işləmirəm. Qarabağ Müharibəsi Veteranlarına verilən 80 manat müavinətdən başqa qazancım yoxdur. Lazımi dərmanları almaqda çətinlik çəkirəm.
Hörmətli Prezident! Sizdən xahiş edirəm ki, mənə çatası pensiya məbləğinin ödənilməsindən ötəri lazımi göstərişlər verəsiniz”.
İnanırıq ki, aidiyyatı nazirlik sosial və sağlamlıq durumu məhdud olan şikayətçinin haqq səsini eşidib onun pozulmuş haqqının bərpasına can yandıracaq.
Xatırladaq ki, ölkədə 10 minlərlə insan adıkeçən nazirliyin əlilliyin təyinatındakı nöqsanlarından və süründürməçiliyindən narazıdır. Anoloji hallar bütün ölkəni bürüyüb. //guninfo.az//