Oliqarxa çevrilmiş Xaləddin İsgəndərovla bağlı ilginc iddialar yayıldı... - Təkcə qulluqçularına hər ay 12 min manat maaş verir...
Tarix: 17-04-2015, 11:39 |
Çap et
Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun Yasamaldakı villasında 12 quluqçunun və 6 sürücünün çalışdığı iddia olunur
Faktiki olaraq Xaləddin İsgəndərov qeyri-rəsmi olaraq evinin xidmət personalına 100-dən artıq müəllimin maaşını sərf edir.
AzFakt.com-a özəl mənbədən daxil olan məlumata əsasən Binəqədi rayonunun İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov təkcə Yasamaldakı villasında çalışan qulluqçu və sürücülərə hər ay 12 min manat maaş verir. Mənbə bildirir ki, icra başçısının digər villalarında da çalışanlar nəzərə alınarsa, Xaləddin İsgəndərov hər ay evinin xidmət personalına külli miqdarda vəsait sərf edir. Mənbə icra başçısının 4 villasinı tanıdığını və hər bir villada 10-12 personalın çalışdığını bildirir.
İcra başçısının təkcə evinin xidmət personalına bu qədər vəsait sərf etməsi maraq doğuran məsələdir. Çünki icra başçısının evinin xidmət personalına sərf etdiyi vəsait ortalama 100-dən artıq müəllimin rəsmi maaşı deməkdir və bu qədər vəsaiti bir icra başçısının hardan götürməsi cəmiyyətdə və dövlət qurumlarında korrupsiyanın səviyyəsinin hansı fantastik hədlərə çatmasının göstəricisidir.
Həmçinin AzFakt.com-u məlumatlandıran mənbə bildirir ki, Xaləddin İsgəndərovun ailə üzvləri evdən çıxdıqları zaman onları mühafizə eskortu müşaiyət edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (AzFakt.com)