Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani Qətər Əmirliyinə məxsus Boeing 747-8 təyyarəsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edib.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə " Kokpit.Aero" saytı məlumat yayıb.
Qətər Əmirliyinə məxsus VIP təyyarə ötən gün Sabiha Gökçen Hava Limanına enərək, prezidentin təyyarə donanmasına qatılıb.
Sözügedən təyyarəni Qətər əmirinin Ərdoğana olan sevgisi, Türkiyəyə olan inamı ilə hədiyyə etdiyi bildirilib.
Qeyd edək ki, təyyarə 76 sərnişin daşımaq qabiliyyətinə malikdir. Həmçinin 18 nəfərlik uçuş dəstəsi də bu təyyarədə xidmət edir. İclas salonları, yataq otağı, özəl xəstəxanası olan təyyarə üç illik xidmət ərzində 436 saat uçuş edib.
Təyyarənin satış qərarından sonra bəzi ölkələr onunla maraqlanıb. 400 milyon dollar qiymətə bazara çıxarılan təyyarəyə Türkiyə prezidenti Ərdoğan maraq göstərib. Qətər əmiri Ərdoğanın marağından sonra təyyarəni ona hədiyyə edib.
Ötən ay THY bu təyyarədə xidmət edəcək pilotları müəyyənləşdirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustda Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani ilə görüşüb.