Ali Məhkəmədə Şəki Rаyоn Məşğulluq Mərkəzinin sabiq direktоru Elçin Salamovun barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Elçin Salamov 2020-ci ildə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb.
İttiham aktına görə, Elçin Salamov 2006-2019-cu illər arasında Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyi yаnındа Dövlət Məşğulluq Xidmətinin Şəki Rаyоn Məşğulluq Mərkəzinin direktоru vəzifəsində işləyərkən quruma ayrılmış pulları mənimsəyib.
Şəki Rayon Məhkəməsinin hökmü ilə Elçin Salamov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Şəki Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
İş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkən qismində tanınıb.