Horovlu kəndində bu işlərin icrası 40 milyon manata başa gələcək
Cəbrayıl rayonunun Horovlu kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işləri aparılacaq.
Bu barədə İqtisadiyyat.az Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.
Qurum tikinti-quraşdırma işlərini “19 saylı Tikinti Təmir İdarəsi”nə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, sözügedən işlərin reallaşdırılması 40.225.220,55 manata başa gələcək.
Qeyd edək ki, birinci mərhələdə Cəbrayılın Horovlu kəndinə 1395 nəfərin köçürülməsi nəzərdə tutulub. Kənddə layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür.