Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 4-5 noyabr tarixlərində Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfər edəcək.
Fransa prezidentinin son dövrlərdə Mərkəzi Asiya regionu, xüsusilə də Qazaxıstan və Özbəkistana marağının artması diqqət çəkir. Hətta Makronun bir müddət öncə bu ölkələrə səfərləri və liderlərlə səmimi görüşü müzakirələrə səbəb olmuşdu.
Fransanın sözügedən regiona marağının səbəbi nədir? Türkiyə və Azərbaycana düşmən münasibəti bəsləyən Makron Türk dünyasını parçalamaq istəyir?
Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Fransanın türk dövlətləri ilə yaxınlaşması səbəbsiz deyil:
“İlk diqqətçəkən məqam bu yaxınlaşmanın Mərkəzi Asiyada yerləşən türk ölkələri ilə olmasıdır. Parisin türk dünyasının iki aparıcı ölkəsi – Azərbaycan və Türkiyə ilə münasibətləri kifayət qədər pisdir. Buna görə də sözügedən regionda yerləşən türk ölkələri ilə yaxınlaşır.
Aydın məsələdir ki, bu yaxınlaşmanın başlıca səbəbi beynəlxalq ticarət və logistika ilə bağlıdır. Paris Ankara və Bakını üstələyib Mərkəzi Asiyada prosesə nəzarət etməyə çalışır. Bu həmlə əslində gələcəyə hesablanıb. Makrondan sonrakı fransız hökuməti Azərbaycan və Türkiyə ilə də əlaqələr qura bilər. Lakin indiki məqamda bu, əleyhimizədir”.
“Təbii ki, bir də Rusiya faktoru var. Parisin bu addımları həm də Moskvaya qarşı hesablanıb. Bu gün Ermənistanın Rusiya təsirindən çıxarılması prosesi Mərkəzi Asiya ölkələrində də gedir. Fransa bu siyasətin ən aktiv oyunçusudur”, – politoloq bildirib.