Bu günlərdə Nikol Paşinyan açıqlamasında "Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı həll yoluna yaxındır" deyib. Son zamanlar sülh və kommunikasiya xəttlərinin açılması ilə bağlı səslənən fikirlər də prosesin həllində tərəflərin mövqeyini ifadə edir. Sözsüz ki, hələlik hər iki istiqamətdə müzakirələr gedir. Proses tam yekunlaşana qədər hər iki tərəf öz maraqlarını ifadə edəcək.
Bu sözləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan təkliflərini ardıcıl olaraq ortaya qoymaqla mövqeləri yaxınlaşdırmağa çalışırlar:
“Hələlik Bakı və İrəvan arasında sülhlə bağlı iki məsələ öz həllini tapmayıb. Görünür, hansısa bir tərəf qətiyyət göstərməlidir. Tərəflərdən biri ya öz mövqeyindən geri çəkilməli, ya da güzəştli təklif irəli sürməlidir”.
Politoloq hesab edir ki, hazırda gedən proseslər danışıqların adi məntiqinə uyğundur:
“Bu həmişə belə olub. Təkcə Azərbaycanla Ermənistan arasındakı danışıqlarda deyil, dünya praktikasında da bu belədir. Münaqişə tərəfləri mövqelərini yaxınlaşdırmaq üçün danışıqları belə aparıb. İkinci Dünya müharibəsi başa çatdıqda, müttəfiq orduları Berlində öz bayraqlarını sancdıqdan sonra heç bir güzəştdən söhbət getmirdi. Almaniya qalib tərəflərin bütün şərtlərini icra etmək üçün kapituliyasiya sənədinə imza atmalı oldu”.
Palitoloqun fikirlərinə görə, Azərbaycanla Ermənistan arasında isə məsələ tamam fərqlidir:
“Azərbaycan ordusu İrəvana girməmişdi. Ona görə də sülh tərəflərin qarşılıqlı güzəştləri əsasında formalaşacaq. Burada Azərbaycan qalib tərəf kimi böyük üstünlüyə malikdir”.